Gözlərdə quruluq, yanma, batma kimi şikayətlərin səbəbi quru göz xəstəliyidir.
Bu xəstəlik göz yaşının çatışmazlığı kimi izah olunur. Göz yaşı təbəqəsi göz üzərinə yayılan selikli (mukus) təbəqədən, ortada sulu təbəqədən və ən üstdə yağlı (lipid) təbəqədən ibarətdir. Bu üç təbəqədən hər hansı birinin çatışmazlığı və ya pozulması quru göz şikayətlərinin ortaya çıxmasına səbəb olur.
Quru göz səbəbləri:
Göz yaşı kişi və qadınlarda yaş artdıqca azalır. Ancaq quru göz xüsusilə menopozdan sonra qadınlarda daha çox görülür.
Bundan əlavə, sidikqovucu, təzyiqsalıcı, antiallergik, antidepressant və yuxu dərmanları, alkoqol da göz quruluğuna səbəb ola bilər.
Ciddi quru göz ağız quruluğu ilə müşayiət olunan Sjögren sindromu ilə birlikdə ola bilər.
Bəs quru göz sindromunun əlamətləri hansılardır?
- Dumanlanma
- İşığa həssaslıq
- Qızartı
- Günün sonunda gözlərdə yorğunluq
- Gözlərdə yanma və batma hissi
- Gözlərdən yaş axması
- Kontakt linzalardan istifadə zamanı narahatlıq
Gözdə qızartı, göynəmə, qaşıntı və yanma hissinin olması quru gözün əsas simptomlarındandır. Quru göz zamanı, nə qədər qəribə səslənsə də, göz daha çox sulanır.
Kompüter qarşısında uzun müddət oturmaq, kondisionerli, havasız mühitdə vaxt keçirmək, siqaret çəkmək və siqaret tüstüsünə məruz qalmaq göz quruluğuna səbəb olan əsas amillərdəndir. Son tədqiqatlar göstərir ki, uzun müddət linzadan istifadə etmək də quru gözə səbəb olur. Göz quruluğu müalicə edilməzsə, göz yaşı gözü nəmləndirib qoruya bilmədiyinə görə müəyyən infeksiya və iltihabi proseslərə səbəb ola bilər. Buna görə quru göz diaqnozu qoyulmuş insanlar vaxtaşırı göz həkiminə müraciət edərək düzgün müalicə almalıdırlar.
Əlaqəli xidmətQuru göz və konyunktivitQızartı, qaşınma, yanma və sulanmanın səbəbinin müəyyənləşdirilməsi və müalicəsi.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



