Gözlərinizdə qızartı, qaşınma, sulanma və ya yapışqan ifrazat müşahidə edirsiniz?
Bu əlamətlər konyunktivitin göstəriciləri ola bilər. Konyunktivit gözün selikli qişasının iltihabıdır və müxtəlif səbəblərdən yarana bilər.
Əgər bu simptomlardan hər hansı biri sizdə müşahidə olunursa, vaxtında oftalmoloqa müraciət edin. Özbaşına göz damcılarından istifadə etməyin.
Konyunktivit göz xəstəlikləri içərisində ən çox rast gəlinən patologiyalardan biridir. Əmələgəlmə səbəbindən asılı olaraq onun dörd forması müşahidə olunur: mikrob, virus, xlamidiya və allergik.
Konyunktivitlərin bir çoxu yoluxucudur və bəzən hətta epidemiya xarakteri daşıyır.
Yerli əlamətlər:
- gözlərdə qamaşma
- qaşınma
- yaş axma
- gözdə ifrazat
- qapaqlar altında yad cisim hissiyatı
- gözün qızarması
- kirpiklərin səhərlər yapışması
Ümumi əlamətlər:
- yuxarı tənəffüs yollarının katarı
- hərarətin yüksəlməsi
- başağrısı
- qulaqönü və ya çənəaltı limfa düyünlərinin böyüməsi.
Kəskin infeksion konyunktivit bakteriya və viruslar tərəfindən törədilir. Bakterial konyunktivit əsasən uşaqlarda müşahidə olunur.
Bakterial konyunktivitin əlamətləri:
- qapaqların ödemi
- konyunktivada nöqtəvari qansızmalar
- çox miqdarda irinli ifrazat
- bu səbəbdən kirpiklərin bir-birinə yapışması
Allergik konyunktivit gözün selikli qişasının allergenlərin təsiri ilə yaranan iltihabıdır.
Səbəbləri:
- hər hansı allergenin – toz, heyvan tükü və bitki tozcuqlarının təsiri
- ətraf mühit və atmosferin çirklənməsi nəticəsində lak, boya, təmizləyici vasitələrin buxarlanması
- gözə çəkilən kosmetik vasitələr və ya şampun düşməsi
Bahar konyunktiviti allergik konyunktivitlərə aid olub, nəzərəçarpan fəsli xüsusiyyətə malikdir. Erkən yaşdan başlayaraq yazda və yayda rast gəlinir.
Bahar konyunktivitinin əlamətləri:
- gözlərin qamaşması
- qaşınma
- gözdə yad cisim hissiyatı
Allergik konyunktivitlərin müalicəsi antihistamin preparatların təyini və onu yaradan səbəblərin aradan qaldırılmasından ibarətdir. Bakterial konyunktivitlər isə antibakterial preparatlarla müalicə olunur.
Əlaqəli xidmətQuru göz və konyunktivitQızartı, qaşınma, yanma və sulanmanın səbəbinin müəyyənləşdirilməsi və müalicəsi.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



