- Qlaukoma nədir?
El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi, yüksək göz daxili təzyiq nəticəsində görmə sinirinin zədələnməsi, bununla da xəstənin görmə sahəsinin tədricən daralması və müalicə olunmadığı təqdirdə görmənin geridönməz itirilməsinə səbəb olan xəstəlikdir. Özünü xəstəliyin ən son mərhələsində bildirən hiyləgər qlaukoma gec diaqnoz olunduqda görmə sinirinə çox ciddi və bərpa olunmaz zədə vura bilər. Görmə siniri sanki kabeldir. O, çoxsaylı sinir liflərindən ibarətdir. Bu sinir lifləri vasitəsi ilə gözdən siqnallar beyinə göndərilir. Görmə sinirinin zədələnməsi zamanı görmə sahəsinin kənarlarında onun itməsi baş verir. Göz daxili təzyiqin artması, görmə sinirinin zədələnməsi və görmə sahəsində qüsurların əmələ gəlməsi qlaukomanın əsas əlamətləridir. Görmə sinirinə qlaukomanın zədələyici təsiri davam etdikcə və xəstəlik ağırlaşdıqca xəstələrin görmə sahəsi kəskin daralır, ən sonda mərkəzi görmə zədələnir və görmə qabiliyyəti geridönməz şəkildə itirilir.
Qlaukomanın inkişafına kimlər daha çox meyillidir?
Qlaukoma riski göz daxili təzyiqi normal səviyyədən yüksək olan insanlarda daha yüksəkdir. Lakin, bu o demək deyil ki, yüksək göz daxili təzyiqi olan hər kəsdə qlaukoma inkişaf edəcək.
Qlaukoma yaranma riski, şəkərli diabet və hipotireoz (ur) xəstəliklərindən əziyyət çəkənlərdə daha yüksəkdir.
Qlaukomanın görməyə zədələyici təsiri necə baş verir?
Normada göz almasının normal fəaliyyət göstərməsi üçün göz almasının daxilində kirpikli çıxıntılar adlanan yerdə xüsusi maye ifraz olunur. Bu maye gözün içərisindən ön hissəsinə keçərək ön kamera bucağı adlanan yerdən sorulur. Əgər göz daxilində yaranan maye sorulan mayeyə bərabər olursa, bu zaman bütün göz daxili strukturlar, xüsusən də görmə siniri normal fəaliyyət göstərir. Əgər yaranan maye sorulan mayeyə bərabər olmursa, bu zaman balans pozulur və göz daxili təzyiq artmağa başlayır.
Yuxu rejimi qlaukoma riskinə təsir edirmi?
ABŞ-da aparılan elmi araşdırmalara əsasən normal yuxu rejiminin pozulması gözdə çox təhlükəli sayılan və korluqla nəticələnə bilən qlaukoma (el arasında qara su adlandırılan) xəstəliyinin inkişaf riskini artırır. 40 yaşdan yuxarı şəxslərdə aparılan tədqiqat zamanı düzgün rejimdə olmayan yuxunun görmə siniri hüceyrələrinə mənfi təsir göstərməsi qeydə alınmışdır.
Sağlam yuxu nəinki bütün orqanların, həmçinin gözün sağlamlığı üçün çox önəmlidir.
Əlaqəli xidmətQlaukomaGöz daxili təzyiqə nəzarət və görmə sinirinin qorunması: damcı, lazer və cərrahi müalicə.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



