+994 50 854 55 56 Qəbul: B.e · Ç · C, 09:00–14:00 Respublika Klinik Xəstəxanası, Yasamal
SSS

Tez-tez verilən suallar

47 sual və cavab: qəbul, müayinə, əməliyyatlar və gündəlik göz sağlamlığı. Cavabların bir hissəsi Dr. Leyla Babayevanın Instagram-dakı “Sual və cavab” rubrikasından götürülüb.

Qəbul və müayinə

Dr. Leyla Babayevanın qəbuluna necə yazılmaq olar?

WhatsApp və ya zənglə +994 50 854 55 56 nömrəsi vasitəsilə, həmçinin Instagram-da @dr.leyla_babayeva səhifəsinə yazaraq qəbul vaxtı təyin edə bilərsiniz.

Qəbul və əməliyyat günləri hansılardır?

Qəbul bazar ertəsi, çərşənbə və cümə günləri saat 09:00–14:00 arasında aparılır. Çərşənbə axşamı və cümə axşamı əməliyyat günləridir.

Dr. Leyla Babayeva harada qəbul edir?

Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Oftalmologiya şöbəsində: Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı.

E-qəbul necə işləyir?

Saytdakı E-qəbul forması seçdiyiniz xidməti, günü və vaxtı hazır WhatsApp mesajına çevirir. Mesajı siz göndərirsiniz, dəqiq qəbul vaxtını həkimin komandası təsdiqləyir. Sayt heç bir şəxsi məlumat saxlamır.

Online müayinə mümkündürmü?

İlkin sualları yazılı cavablandırmaq olar, lakin dəqiq diaqnoz üçün göz klinikada xüsusi cihazlarla müayinə olunmalıdır: göz daxili təzyiqi və göz dibini uzaqdan qiymətləndirmək mümkün deyil.

Müayinəyə gələrkən nə götürməliyəm?

Eynəyinizi və ya kontakt linzanızı, əvvəlki müayinə nəticələrini və qəbul etdiyiniz dərmanların siyahısını götürün. Müayinədə göz bəbəyi genişləndirilə bilər; bundan sonra bir neçə saat sükan arxasına keçməyin.

Mingəçevirdə qəbul varmı?

Dr. Leyla Babayeva Mingəçevirdə dövri qəbul aparır. Qəbul tarixləri və ünvan Instagram səhifəsində elan olunur.

Katarakta

Katarakta damcı ilə sağalırmı?

Xeyr. Bulanmış büllur dərmanla yenidən şəffaflaşmır. Kataraktanın yeganə effektiv müalicəsi əməliyyatdır.

Katarakta əməliyyatı ağrılıdırmı?

Əməliyyat yerli keyitmə ilə aparılır və ağrısızdır. Xəstə ayıq olur və bütün proses boyu cərrahla ünsiyyət saxlayır.

Əməliyyat nə qədər çəkir?

Fakoemulsifikasiya adətən 15–30 dəqiqə çəkir. Dəqiq müddət gözün vəziyyətindən və kataraktanın sıxlığından asılıdır.

Hər iki göz eyni gündə əməliyyat olunur?

Adətən gözlər ayrı-ayrı günlərdə əməliyyat olunur. İkinci gözün vaxtını həkim birinci gözün sağalmasına baxaraq təyin edir.

Katarakta təkcə yaşlılarda olur?

Xeyr. Katarakta anadangəlmə ola, travmadan, şəkərli diabetdən və ya steroidlərin uzunmüddətli qəbulundan sonra gənc yaşda da inkişaf edə bilər.

Qlaukoma

Qlaukoma əlamətsiz ola bilərmi?

Bəli. Erkən mərhələdə qlaukoma ağrı və bulanıqlıq yaratmır. Görmə sahəsi kənarlardan daraldığı üçün insan bunu uzun müddət hiss etmir.

Qlaukomada itirilmiş görmə bərpa olunurmu?

Xeyr. Zədələnmiş görmə siniri bərpa olunmur. Müalicənin məqsədi qalan görməni qorumaq və xəstəliyin irəliləməsini dayandırmaqdır.

Göz daxili təzyiqin norması neçədir?

Göz daxili təzyiqin normal hüdudları təxminən 10–21 mm civə sütunudur. Normal təzyiqdə də qlaukoma inkişaf edə bildiyi üçün görmə siniri mütləq yoxlanılmalıdır.

Qlaukoma irsidirmi?

Ailədə qlaukoma olması riski artırır. Belə şəxslərə 40 yaşdan, lazım olduqda daha tez, ildə ən azı bir dəfə müayinə tövsiyə olunur.

Lazer, eynək və linza

Lazer əməliyyatı neçə yaşdan olar?

18 yaşdan sonra və gözün refraksiya göstəriciləri son 1 ildə dəyişməz qaldıqda. Uşaqlarda və yeniyetmələrdə göz hələ inkişaf etdiyi üçün lazer əməliyyatı aparılmır.

Lazer əməliyyatı ağrılıdırmı?

Əməliyyat anestezik damcılarla aparılır və ağrısızdır. Sonrakı saatlarda yüngül yanma və sulanma ola bilər.

Lazerdən sonra eynək tamamilə lazım olmayacaq?

Əksər xəstələr uzaq məsafə üçün eynəkdən azad olur. 40 yaşdan sonra yaşla bağlı yaxını görmə zəifliyi səbəbindən oxumaq üçün eynək lazım ola bilər.

Nazik buynuz qişası olanlar üçün alternativ varmı?

Bəli. Buynuz qişanın vəziyyətindən asılı olaraq PRK/LASEK və ya gözün içinə yerləşdirilən ICL linzası təklif oluna bilər.

Müəyyən yaşdan sonra görmə zəifləyirmi?

Qırx yaşa qədər yaxşı görən insanlarda bu yaşdan sonra yaxını görmə zəifləyir. Bu, gözün içində büllurun bərkiməsindən yaranan fizioloji prosesdir, xəstəlik deyil və qarşısını almaq mümkün deyil. Belə halda yüngül oxu eynəyi məsləhət görülür; eynəyin gücü illər keçdikcə, adətən hər bir neçə ildən bir artırılır.

Kontakt linza gözümü ağrıdır. Nə etməliyəm?

Belə halda linza əvəzinə eynəkdən istifadə edin və gözlərinizə dinclik verin: kompüter və telefondan fasilələrlə istifadə edin. Ağrı davam edərsə, göz müayinəsindən keçin.

Retina və diabet

Diabet xəstələri gözlərini nə qədər tez-tez yoxlatmalıdır?

Dr. Leyla Babayeva diabet xəstələrinə hər 6 aydan bir göz müayinəsindən keçməyi tövsiyə edir. Görmədə hər hansı dəyişiklik olarsa, müayinəni gözləmədən müraciət etmək lazımdır.

Göz daxilinə inyeksiya ağrılıdırmı?

Prosedur anestezik damcılarla, steril şəraitdə aparılır və bir neçə dəqiqə çəkir. Xəstələr adətən yalnız yüngül təzyiq hiss edir.

Torlu qişa qopması müalicə olunurmu?

Bəli. Müalicə qopmanın səbəbindən asılı olaraq cərrahi və ya lazer yolu ilə aparılır. Qopmanın müddəti 2 həftədən çox deyilsə, görməni qorumaq şansı saxlanılır.

OCT müayinəsi nə üçün lazımdır?

OCT torlu qişanın və görmə sinirinin qatlarını mikron dəqiqliyi ilə göstərir. Diabetik makula ödemi, makula degenerasiyası və qlaukoma bu müayinə ilə erkən aşkarlanır.

Uşaqlar

Uşağın ilk göz müayinəsi nə vaxt olmalıdır?

İlkin baxış yenidoğulan dövründə aparılır. Sonra 6–12 ayda, 3 yaşda və məktəbə başlamazdan əvvəl, 6–7 yaşda müayinə tövsiyə olunur. Şübhəli əlamət olarsa, gözləmədən müraciət edin.

Eynək taxmaq uşağın gözünü zəiflədirmi?

Xeyr. Düzgün seçilmiş eynək görməni zəiflətmir, əksinə, tənbəl gözün qarşısını alır və gözün normal inkişafına kömək edir.

Çəpgözlük əməliyyatı neçə yaşda edilir?

Yaş çəpgözlüyün növündən asılıdır. Bəzi hallarda erkən yaşda əməliyyat lazım olur, bəzilərində isə əvvəlcə eynək və okkluziya ilə müalicə aparılır.

Yenidoğulanın gözü niyə daim yaşarır?

Ən çox rast gəlinən səbəb göz yaşı kanalının tutulmasıdır. Həkimin göstərdiyi masaj əksər hallarda kömək edir, kömək etmədikdə kanal zondlanır.

Uşağa eynək yazılıb. Dərman lazımdırmı, eynəyi nə vaxt dəyişmək lazımdır?

Uşaqlarda göz zəifliyinin müalicəsində əsas vasitə eynəkdir: eynək gözün tənbəlləşməsinin və çəpləşməsinin qarşısını alır. Uşaq böyüdükcə eynəyi dəyişməyə ehtiyac yarana bilər, ona görə nəzarət müayinələrini buraxmayın.

Uşağın çirklənən gözünü çayla silmək olarmı?

Xeyr. Satışdakı çayların tərkibində kimyəvi qatqılar ola bilər və çay damlası gözə zərər verə bilər. Gözü yumaq üçün aptekdə satılan nəmləndirici (lubrikant) damcılardan istifadə etmək olar. Problem bir-iki günə keçməzsə, mütləq müayinədən keçin: sulanma və çirklənmənin arxasında ciddi xəstəlik də dayana bilər.

Körpənin gözü qızarıb, yaşarır və bir az şişib. Nə etməli?

Bu, allergiyadan və ya, məsələn, dənizdə qumdan keçən infeksiyadan yarana bilər. Uşağın gözünü ovuşdurmasına imkan verməyin və gözü ilıq, təmiz su ilə yuyun. Əlamətlər artarsa, gözdə çirklənmə və ya qartmaq əmələ gələrsə, müayinə olunub uyğun damcılar təyin edilməlidir.

Pterigium və göz qapağı

Gözün ağındakı sarı düyün təhlükəlidirmi?

Bu, çox vaxt pinqvekula və ya pterigiumdur. Böyümürsə, müşahidə kifayətdir. Artırsa, buynuz qişaya keçirsə və ya narahatlıq verirsə, müalicə lazımdır.

Xalazion öz-özünə keçirmi?

Kiçik xalazionlar isti kompres və qapaq gigiyenası ilə sorula bilər. Bir aydan uzun qalan düyün kiçik əməliyyatla təmizlənir.

Pterigium əməliyyatdan sonra təkrarlanırmı?

Təkrarlanma riski var. Müasir cərrahi texnikalar və əməliyyatdan sonra gözün günəşdən qorunması bu riski azaldır.

Göz makiyajı gözə zərər verirmi?

Göz makiyajı allergiyaya və göz qapaqlarının şişkinliyinə səbəb ola bilər. Əlavə kirpik göz qapaqlarına ağırlıq verə bilər. Hipoallergen kosmetik vasitələrdən istifadə etmək və gündəlik makiyajı azaltmaq daha uyğundur. Yatmazdan əvvəl makiyajı mütləq təmizləyin.

Quru göz, ekran və infeksiyalar

Göz damcısını açdıqdan sonra nə qədər istifadə etmək olar?

Açılış tarixini flakonun üzərinə yazın və müddəti təlimatdan yoxlayın. Əksər çoxdozalı damcılar açıldıqdan sonra təxminən 4 həftə istifadə olunur, vaxtı keçmiş damcını atın.

Konyunktivit yoluxucudurmu?

Bakterial və virus konyunktiviti yoluxucudur: əlləri tez-tez yuyun, ayrıca dəsmal istifadə edin. Allergik konyunktivit yoluxucu deyil.

Ekran gözə zərər verirmi?

Ekran gözü zədələmir, lakin uzun müddət baxanda göz qırpma azalır, gözlər quruyur və yorulur. 20-20-20 qaydası bu yorğunluğu azaldır.

Kompüterdən sonra uzağı bulanıq görürəm. Bu keçərmi?

Kompüterdən və telefondan az və fasilələrlə istifadə edin, göz gimnastikasına və yuxu rejiminə əməl edin. Göz yaşı əvəzləyicilərindən istifadə edə bilərsiniz: gözdəki spazm keçə bilər. Əgər gözünüzdə əvvəlcədən zəiflik varsa, eynəkdən istifadə edin və müayinədən keçin.

Gözüm qəfil ağrıyıb qızardı. Evdə müalicə etmək olarmı?

Xeyr, evdə müalicə etməyə çalışmayın. Gözün qəfil ağrısı və qızartısı uveit, qlaukoma kimi ciddi xəstəliklərin əlaməti ola bilər. Həkimdə əyani müayinə olunub müalicə alın.

Göz travmaları

Gözə kimyəvi maddə düşəndə nə etməli?

Gözü dərhal bol təmiz su ilə ən azı 15–20 dəqiqə yuyun, qapaqları açıq saxlayın və təcili tibbi yardıma müraciət edin. Yumağı yolda da davam etdirin.

Gözə düşən cismi özüm çıxara bilərəmmi?

Səthdəki kiçik toz hissəciyini su ilə yumaq olar. Gözə batmış cismi heç vaxt özünüz çıxarmayın, gözü örtüb dərhal həkimə gedin.

Zərbədən sonra görmə yaxşıdırsa, həkimə getmək lazımdırmı?

Bəli. Zərbədən sonra torlu qişada cırıq və ya gözün içində qansızma ola bilər. Bunlar ilk saatlarda hiss olunmaya bilər.

Ümumi

Hamiləlikdə göz problemləri təbii doğuşa mane ola bilərmi?

Bəzi göz xəstəliklərində, məsələn torlu qişada qopma və ya cırılma, keratokonusun ağır mərhələləri və diabetə bağlı göz dibi qansızmalarında doğuş üsulu barədə qərar oftalmoloqun rəyi nəzərə alınmaqla mama-ginekoloqla birlikdə verilir. Hamiləlik dövründə göz dibi müayinəsi vacibdir.

Böyüklərdə çəpgözlük düzələrmi?

Gözdə tənbəllik (ambliopiya) varsa, həmin gözün görməsi tam düzəlmir. Lakin çəpliyi kosmetik olaraq əməliyyatla aradan qaldırmaq mümkündür. Qərar üçün müayinə lazımdır.

Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.

Qəbul

Gözləriniz gözləməsin

Qəbula yazılmaq üçün WhatsApp-a yazın və ya zəng edin. Suallarınızı Instagram-da da göndərə bilərsiniz.

+994 50 854 55 56

Qəbul cədvəli

Bazar ertəsi, çərşənbə, cümə
09:00–14:00
Çərşənbə axşamı, cümə axşamı
Əməliyyat günləri
Şənbə, bazar
Qəbul yoxdur
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Oftalmologiya şöbəsi
Abbas Mirzə Şərifzadə küçəsi 212, Yasamal rayonu, Bakı
Xəritədə aç