“Ağrısız və əlamətsiz” ifadəsi həqiqətən də bir çox təhlükəli göz xəstəliklərini təsvir edir. Xüsusilə qlaukoma (göz təzyiqi), diabetik retinopatiya və bəzi retina degenerasiyaları başlanğıc mərhələdə heç bir ağrı və ya görmə bulanıqlığı yaratmır. Siz özünüzü sağlam hiss etdiyiniz bir anda gözünüzün daxili strukturlarında geridönməz dəyişikliklər baş verə bilər.
Vaxtında edilən müayinə gözünüzün işığını qoruyur. Gecikməyin, profilaktik olaraq ildə ən azı bir dəfə oftalmoloji müayinədən keçin.
Xüsusilə risk qrupundakı insanlar:
- 40 yaşdan yuxarı olanlar,
- Şəkərli diabet xəstələri,
- Yüksək qan təzyiqi olanlar,
- Ailəsində qlaukoma olanlar.
Ətraflı göz müayinəsi aşağıdakılardan ibarətdir:
- Gözün refraktiv ölçülərinin alınması
- Göz daxili təzyiqin ölçülməsi
- Gözün bütün qişalarının biomikroskop vasitəsilə yoxlanılması
- Buynuz qişanın topoqrafik dəyərləndirilməsi
- Lazım olduqda görmə sahəsinin təyini
- OCT müayinəsi və s.
Bu müayinələr əsasında çox zaman gözün gizli xəstəlikləri və ya hər hansı bir ciddi göz xəstəliyinin ilkin mərhələsi aşkarlanaraq tədbir görülür və korluğun qarşısı alınmış olur.
Gözlərinizin vaxtında qeydinə qalın. Görmə böyük nemətdir!
Həyata sağlam gözlərlə baxmaq üçün mütəmadi olaraq göz müayinəsindən keçmək lazımdır. Bütün göz xəstəliklərinin uğurlu müalicəsi üçün əsas şərt erkən diaqnozdur. Dəqiq diaqnoz isə yüksək texnologiyaların köməyi ilə hərtərəfli müayinə ilə mümkündür.
Gözlə bağlı hər hansı bir şikayətiniz olmasa belə, mümkün riskləri aşkarlamaq üçün uşaqlara 1, 3 və 5 yaşında, böyüklərə isə ildə bir dəfə göz müayinəsindən keçməyi tövsiyə edirəm.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



