Katarakta bəbəyin arxasında yerləşən və görməmizdə vacib rol oynayan büllurun şəffaflığını itirərək bulanıqlaşması və tədricən görmənin itməsinə səbəb olan xəstəlikdir. Yunan dilindən tərcümədə katarakta – “şəlalə” deməkdir. Qədim yunanlar belə hesab edirdilər ki, katarakta zamanı bəbəyin bulanıq boz rəngi onun üzərinə şəlalə kimi düşən və görməni zəiflədən pərdə ilə bağlıdır. Kataraktalı xəstə ətrafa sanki “çirkli pəncərə” arxasından baxır. Xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığından, xalq arasında kataraktaya “mirvari suyu” da deyilir.
Katarakta yaşla bağlı yaranan xəstəlik olub, əsasən orta yaşdan yuxarı şəxslərdə rast gəlinsə də, yenidoğulmuşlarda, şəkərli diabet xəstələrində, göz nahiyəsindən travma alan şəxslərdə, uzun müddət kortizolla müalicə alan xəstələrdə də yarana bilər.
Katarakta göz xəstəlikləri arasında ən geniş yayılmış xəstəliklərdəndir. Kataraktanın səbəbi göz büllurunun şəffaflığının pozulmasıdır.
Göz bülluru görmə prosesində əsas rollardan birini oynayır. Göz bülluru işığı tor qişada fokusa yığır, tor qişa isə bu işığı sinir impulslarına çevirir. Beyin bu impulsları alaraq onları görmə surətlərinə çevirir.
Göz bülluru kiçik linzaya bənzəyir. Cavan insanlarda göz bülluru şəffaf və elastikdir, öz əyriliyini asan dəyişir və bu səbəbdən cavan insanlar həm yaxını, həm də uzağı yaxşı görür. İnsan yaşlandıqca onun orqanizmində qocalma prosesləri artır. Bu proseslər, təbii ki, gözlərə də toxunur. Göz bülluru öz şəffaflığını, elastikliyini itirir, bulanıq olur. Göz büllurunun tam və ya qismən bulanması “katarakta” adlandırılır.
Əlaqəli xidmətKataraktaBulanmış büllurun mikrokəsikli fakoemulsifikasiya ilə xaric edilməsi və süni linza implantasiyası.
Bu səhifədəki məlumatlar maarifləndirici xarakter daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə yalnız oftalmoloqun müayinəsindən sonra təyin olunur.



